Hörmətli Həmkarlar və oxucular!
Sizə təqdim olunan “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyyəsi, bilavasitə dəstəyi və himayəsi sayəsində işıq üzü görmüşdür. Jurnalın təsis olunmasında əsas məqsəd müasir dövrdə perinatologiya və pediatriya sahəsində əldə olunan elmi-praktik yeniliklərin və nailiyyətlərin ölkəmizin tibb müəssisələrində çalışan pediatrların, mama-ginekoloqların, neonatoloqların, anestezioloq-reanimatoloqların, həkim-rezidentlərin, tələbələrin və digər mütəxəssislərin nəzərinə çatdırmaqdır.
Bu gün özünün inkişaf və yüksəliş mərhələsini yaşayan respublika səhiyyəsinin qarşısında duran ən aktual və prioritet məsələlərdən biri III Minilliyin əsas məqsədlərindən hesab olunan ana və uşaq ölümünün minimuma endirilməsi və əhalinin yüksək fiziki sağlamlığının təmin edilməsidir. Bunun üçün, hər şeydən əvvəl, müasir tibbi texnologiya ilə yanaşı yüksək ixtisaslı və peşəkar tibb kadrlarının hazırlanmsına ehtiyac vardır. Ümid edirik ki, bu jurnalın nəşri göstərilən problemlərin həlli işində ölkə səhiyyəsinə dəstək olacaqdır.
“Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın səhifələrində tibb elminin fundamental və tətbiqi məsələlərinin, xəstəliklərin diaqnostika, müalicə və profilaktikasına, dərman preparatlarının səmərəli istifadəsinə, perinatologiya və pediatriyanın sosial və ekoloji problemlərinə, simpozium və konfransların materiallarına, səhiyyənin təşkilinə bir çox digər problemlərə həsr olunmuş məsələlərin müzakirəyə çıxarılması nəzərdə tutulmuşdur. Bütün bu problemlərin müzakirəsi məqsədilə Sizləri əməkdaşlığa dəvət edirik.
Yenicə işıq üzü görmüş “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın məzmunu və gələcək fəaliyyəti ilə bağlı daxil olan bütün irad və təkliflərə görə redaksiyanın əməkdaşları adından oxucularımıza qabaqcadan öz təşəkkür və minnətdarlığımızı bildiririk.
professor Nəsib Quliyev.